Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibini qəbul edib

15:54 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibi Tomas Gremingeri və onu müşayiət edən nümayəndə heyətini  qəbul edib.

XİN-dən verilən məlumata əsasən, görüşdə nazir Elmar Məmmədyarov ATƏT-in regional təşkilatı kimi Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğuladı.

ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən Elmar Məmmədyarov bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirdi.  Bu xüsusda, nazir Məmmədyarov Ermənistan Respublikasının ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğuladı. 

Nazir, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirdi.

Elmar Məmmədyarov əlavə etdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı təşkil etdiyini xatırladaraq Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu nəzərə çatdırdı.

Azərbaycanın regionda və bütövlükdə ATƏT məkanında iqtisadi əməkdaşlığın və uzlaşma xətlərinin (connectivity) yaradılması, multi-modal nəqliyyat infrastrukturu imkanlarının təmin edilməsi istiqamətində gördüyü işlərdən danışan Nazir Elmar Məmmədyarov bu xüsusda Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat marşrutlarını və artıq istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yol xəttini qeyd etdi. O əlavə etdi ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu kimi layihələr ATƏT məkanında iqtisadi inkişafa və çicəklənməyə töhfə verməklə bərabər, regional sülh və təhlükəsizliyin də möhkəmlənməsinə xidmət edir.

Görüş zamanı ATƏT-ni yuxarıda göstərilən layihələrin təşviqi və ekspert dəstəyi və iqtisadi əməkdaşlığın inkişafı baxımından digər təşəbbüsləri üçün müvafiq platforma kimi istifadə etmək potensialı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Parlament diplomatiyasının əlaqələrin inkişafında rolu qeyd olundu və bununla bağlı ATƏT Parlament Assambleyası ilə əməkdaşlıq yüksək qiymətləndirildi.

Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirildi.

 

Bütün xəbərlər