SOCAR İstiqrazları yenidən bahalaşdı

16:31 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. “PSG Kapital” investisiya şirkətindən  verilən məlumata əsasən, ölkənin ən çox alınıb-satılan qiymətli kağızı SOCAR İstiqrazları yenidən bahalaşıb.

SOCAR Capital şirkətinin verdiyi məlumata əsasən, istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb.

Hal-hazırda istiqrazın birjada alış qiyməti 1022 dollar, satış qiyməti isə 1008,50 dollardır. 

SOCAR istiqrazları ilə REPO-əməliyyat bazarında da fəallıq müşahidə olunub.

Bu əməliyyatlar vasitəsilə istiqraz sahibləri qiymətli kağızlar bazarında 28 milyon dollar vəsait cəlb edib.

Daha əvvəl bildirildiyi kimi, 2016-cı ilin sentyabr ayında SOCAR daxili bazarda 100 milyon dollar dəyərində beş illik istiqrazların ilk buraxılışını həyata keçirmiş, şirkətin istiqrazları üzrə sifarişlər 203,4 milyon dolları keçmişdir.

Emissiya, bir qiymətli kağıza 1 min dollar olmaqla, 100  min istiqraza bölünmüşdür.

Qiymətli kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarını diversifikasiyası və əhali üçün yeni investisiya imkanları yaratmaqdır.

İstiqrazlar üzrə gəlirlilik ildə  5% təşkil edir. Faizlər üç ayda bir dəfə ödənilir.

 

Bütün xəbərlər