Energetika naziri Pərviz Şahbazov Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunda iştirak edəcək

10:51 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Azərbaycanın Energetika naziri cənab Pərviz Şahbazov 9 oktyabr 2018-ci il tarixində Bakıda keçiriləcək Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunun açılış mərasimində iştirak edəcək. Həmçinin, Uniper SE şirkətinin Baş Kommersiya Direktoru cənab Keith Martin və ARDNŞ-nin Sərmayələr və Marketinq üzrə Vitse-Prezidenti cənab Elşad Nəssirov Forumda açılış nitqi ilə çıxış edəcək.

Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu 9 oktyabr 2018-ci il tarixində Fairmont Bakı Hotelində baş tutacaq. Bu il biznes tədbirində Azərbaycan Respublikasının bir sıra nazirləri (nazir müavinləri), Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin nümayəndəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən aparıcı alman şirkətlərinin Baş İcraçı Direktorları da daxil olmaqla, Azərbaycan hökumətinin və biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycanda biznes mühiti və mövcud layihələr barədə İmpuls bölümündən əlavə, tədbirin proqramına Enerji sektorunda innovasiyalar və iqtisadi islahatların aparıcı qüvvəsi kimi İKT sektoruna dair paralel müzakirələr daxildir.

Forum haqqında

Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Tədbirdə iştirak ödənişsizdir və qeydiyyat üçün son tarix 1 oktyabr 2018-ci ildir.

Ətraflı məlumat və qeydiyyat

Daha ətraflı məlumat və qeydiyyat üçün tədbirin veb səhifəsini ziyarət edə bilərsiniz:

https://www.ahk-baku.de/az/tdbirlr/tdbir-tfrrueatlari/azrbaycanda-enerji-v-ikt-uezr-almanazrbaycan-biznes-forumu-2018/.

 

Bütün xəbərlər