Azərbaycan Dövlət Dəniz Akademiyasında “Açıq qapı” günü təşkil olunub

16:54 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı” günü təşkil olunub, yeni tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Çingiz Əliyevlə yanaşı, Bakı Gəmiqayırma Zavodunun, “Caspian Marine Services”nin rəhbərliyi, Gəmiçiliyin əməkdaşları və akademiyanın müəllim heyəti iştirak edib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Ç.Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım olub. Belə ki, tələbə adını qazananların 29-u 500-600, 3-ü isə 600-700 arası bal toplayıb. Bu il Akademiyada bir Türkmənistan və 5 Türkiyə vətəndaşı da təhsil alacaq.

Ç.Əliyev qeyd edib ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təmin olunur. Təkcə bu il Gəmiçilik rəhbərliyinin tövsiyəsi ilə xaricdən 10 laboratoriya dəsti alınaraq quraşdırılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri R.Vəliyev çıxışında Gəmiçiliyin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dənizçiliyin inkişafı uzun və şərəfli yol keçib: “1858-ci ildən başlayan bu yolda qazanılan uğurlar hesabına hazırda AXDG dünyanın qabaqcıl şirkətləri ilə rəqabət aparmaq imkanındadır. Bu il Gəmiçilik 160 illik yubileyini qeyd edir. Üç əsrə şahidlik edən böyük şirkətin bir parçası olmaq hər kəs üçün qürurvericidir. Əminəm ki, gələcəyin peşəkar kadrları kimi siz Azərbaycanın mövcud dənizçilik imkanlarını daha da irəliyə apara biləcəksiniz. Bütün dövrlərdə nüfuzlu peşə sayılan dənizçi adına layiq olacaqsınız.”

R.Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasında yaradılan şəraitdən də danışıb. Bildirib ki, təhsil ocağına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən daim dəstək verilir: “Burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu il ilk dəfə olaraq Dəniz Akademiyasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədris aparılacaq. Ötən ildən AXDG hesabına təhsildə fərqlənən tələbələrə əlavə təqaüd verilir. Artıq bu imkandan ADDA-nın 50-dən çox tələbəsi yararlanıb”.

QSC-nin sədri Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, bu fürsətdən ötən tədris ilində 10-dan çox tələbə faydalanıb. O, eyni zamanda AXDG-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün ADDA məzunlarının dünyanın nüfuzlu ali məktəblərinə göndərilməsi üçün şərait yaradıldığını da vurğulayıb.

Onun sözlərinə görə, bütün bunlar ilk növbədə tələbələrin təhsilə maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq məqsədi daşıyır. Digər tərəfdən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verdiyini göstərir. Sədr deyib: “Bizim qarşısında mühüm strateji hədəflər dayanır. Bu hədəflərdən biri də güclü kadr potensialının formalaşdırılmasıdır. Məhz, bu səbəbdən Dəniz Akademiyasının tələbələrindən gözləntilərimiz çoxdur. Burada hər cür şərait yaradılıb. Təhsil müəssisəsini yaxşı qiymətlərlə bitirənlərin işlə təmin olunmaları üçün onlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zəmanət Məktubu” verilir”.

QSC-nin sədri ADDA-nın məzunlarının dünyanın hər yerində işləmək imkanlarının olduğunu da bildirib: “Bu il AXDG-nin iki gənc əməkdaşı “Columbia Shipmanagement Ltd”nin gəmilərində təcrübə keçməyə göndərilib. Layihənin sonunda iştirakçılar haqqında müsbət rəy verilib, onlara müvafiq sertifikatlar təqdim olunub. Hətta “Columbia Shipmanagement Ltd” həmin gənclərə iş də təklif edib. Lakin, hər iki gənc fəaliyyətlərini Gəmiçilikdə davam etdirmək istədiklərini bildirib. Bu, onu göstərir ki, ADDA-nın məzunlarına peşəkar kadr kimi hər yerdə tələbat var. Belə imkanlar Akademiyanı yüksək nəticələrlə bitirən məzunlara yaradılacaq. ”

Daha sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kadr siyasəti haqqında hazırlanan “İnsan Sərvətimizdir” filmi nümayiş olunub. Filmdə kadr ehtiyatlarının planlaşdırılması, əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların xidməti fəaliyyətin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılması, mükafatlandırma və həvəsləndirmə, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi kimi vacib məsələlərdən bəhs olunub.

Sonda gənclər və onların valideynlərinin sualları, arzu və istəkləri dinlənilib.

Tədbirdə 2018-ci ildə ADDA-nı 9 tələbənin fərqlənmə diplomu ilə bitirdiyi qeyd olunub. Onlardan üç nəfərinə ADDA-nın fərqlənmə diplomu və döş nişanları təqdim edilib. Digər 6 nəfər isə hazırda ordu sıralarında Vətən qarşısında borcunu yerinə yetirir. Daha sonra ADDA-ya yüksək balla daxil olan üç nəfərə tələbə bileti və hədiyyələr təqdim edilib.

Görüş iştirakçıları Dəniz Akademiyasının əsas binasında yerləşən trenajor otağı və auditoriyalarla tanış olub. Qonaqlar Akademiyanın yeməkxanasında nahar edib, valideynlər yeməklərin keyfiyyəti ilə tanış olub.

Bütün xəbərlər