Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu

13.09.2018,18:35


13 sentyabr, Fineko/abc.az.Beynəlxalq  “ITU Telecom World” sərgi-konfransı azərbaycanlı startapçılar üçün yüksək nəticələrlə yadda qalıb.

Sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan  “CustomAR”  şirkəti və Nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan “İQREX” startap layihəsi müsbət nəticələr əldə edib.

Sərgi çərçivəsində dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının Cəlal Rəhimovun “İQREX” startap layihəsi qalib olub.

Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri yarışıb.

Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir.

Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi  geniş spektrli  sahələri əhatə edib.

Qlobal yarışın qalibi olan “İQREX” layihəsi - QR kod vasitəsi ilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.