Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşüb

14:57 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Sentyabrın 14-də gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayon və şəhər sakinlərini qəbul edib.

Şirvan “Gənclər evi”ndə keçirilən qəbulda 20-dən çox vətəndaşın idman, gənclər və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclər sahəsini əhatə edən müxtəlif layihələrə dəstək verilməsi və onların maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin sayının artırılması və onların müvafiq avadanlıqlarla təmin edilməsi gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə, əsasən fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikinti və təmiri və digər məsələləri əhatə edib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Bütün xəbərlər