“Türk Hava Yolları” yeni uniformasını təqdim edib

16:17 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. “Türk Hava Yolları” aviaşirkətinin yaradılmasından ötən 85 müvəffəqiyyətli ili qeyd etmək məqsədilə kabin ekipajı üçün yeni uniformalar təqdim edilib.

İstanbulda inşa olunan və Türkiyə aviadaşıyıcısının “yeni evi”nə çevriləcək aeroportun fəaliyyətə başlaması ilə formaları ekipaj üzvlərinin əynində görmək mümkün olacaq.

Türkiyə mədəniyyətinin çoxsaylı klassik elementlərindən ilhamlanaraq hazırlanmış yeni uniformanın tərzi özündə şüşə və keramikadan hazırlanmış əl işlərində istifadə olunan milli ornamentləri, kaliqrafiyanı, müasir tekstura və detalları birləşdirir. Kolleksiyada Bosfor boğazını xatırladan forma və rənglər, həmçinin, xüsusi olaraq Türkiyənin ən dinamik şəhərinin – Şərq və Qərbin birləşdiyi yerin möhtəşəm aktiv enerjisini simvolizə etməsi üçün yaradılmış “axım” həndəsi ornamentindən istifadə edilib.

Dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən “Türk Hava Yolları” ölkənin milli aviadaşıyısının  yeni erasından və brend obrazından xəbər verən dinamik uniforma dizaynının yaradılması üçün Milan kutüryesi Ettore Bilottanı seçib.

Tünd qırmızı və antrasit boz palitrada olan bu unikal kolleksiyaya şlyapalar, əlcəklər, donlar, kostyumlar, çantalar və aksessuarlar daxildir. Layihənin digər mühüm cəhətlərindən biri də odur ki, kabin ekipajı, pilotlar, bortdakı baş aşpazlar və digər xidmətləri göstərən işçilərin uniforma dizaynı vahid üslubda olacaq, bu da sərnişinlərə brendi bir bütöv olaraq qəbul etməyə imkan verəcək.

“Türk Hava Yolları eleqantlıq və rahatlığı bir araya gətirə bilən bu cür yaradıcı və orijinal istedadlarla əməkdaşlıqdan hər zaman məmnunniyyət duyur. Türk dizaynı və mədəniyyətinin milli elementlərini qoruyan  yeni uniforma aşirkətimiz kimi qonaqpərvərlik mədəniyyətinə sadiqdir”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Mehmet İlker Aycı qeyd edib.

Formanın dizayneri Ettore Billotta bildirib: “Mən “Türk Hava Yolları” üçün dizaynla məşğul olmağa başlayanda ilk olaraq məni ilhamlandıran İstanbul şəhəri idi. Bu şəhər əsrlərboyu müxtəlif növ incəsənət və mədəniyyətlərin qarışdığı bir tiyana bənzəyir, İstanbul bir çox mədəniyyətin ümumi zəngin irsinə sahib olan nadir bir şəhərdir. Mən ənənəvi xəttatlıq və mozaikadan müasirliyi vurğulayan aktual türk motivləri təfsiri ilə uyğun elementlər əlavə etmək istədim ki, təzad və ikililiyi əks etdirə bilim”.

Formanın yeni dizaynın buraxılması üçün Türkiyənin milli aviadaşıyıcısı dünyaca məşhur britaniyalı fotoqraf və rəssam Maylis Oldrici cəlb edib. O, İstanbulun qeyri-adi yerlərində “Türk Hava Yolları”nın uniformasının yeni kolleksiyasının fotolarını çəkib.

 


Bütün xəbərlər