İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib

14.09.2018,18:15


14 sentyabr, Fineko/abc.az. Sentyabrın 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, İxracatçılar Klubu və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev  iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb, Azərbaycan məhsullarının ixracı, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Yusif Abdullayev İxracatçılar Klubunun fəaliyyəti, klub tərəfindən ixracatçılara dəstək məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. 
 “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova çıxışında MMC-nin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində təsis edildiyini və əsas məqsədlərindən birinin fermerlərə satış imkanlarının, xarici bazarlara çıxışın genişləndirilməsində dəstək göstərmək olduğunu qeyd edib, bu istiqamətdə İxracatçılar Klubu ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 
 Sonda iş adamlarını maraqlandıran suallar cavablandırılıb. 

 

Açar sözlər: Azpromo