Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

10:43 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. İki gün davam edən konfrans dünyanın ən nüfuzlu xərçənglə mübarizə təşkilatı olan və öz ətrafında 40 minə yaxın üzvü birləşdirən Amerika Klinik Onkologiya Cəmiyyəti ilə Azərbaycan Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tədbirin əsas mövzusu süd vəzi xərçəngi və baş-boyun şişlərində multidissiplinar müalicə və perspektivləri olub.

Amerikalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin onkoloji xəstəliklərlə mübarizə üsullarını araşdırıb, burada aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb, mərkəzin beynəlxalq əməkdaşlıq strategiyasını öyrənib və işbirliyinə qərar veriblər.

Konfransdan bir gün əvvəl qonaqlar Milli Onkologiya Mərkəzini ziyarət edib, Azərbaycanda mövcud onkoloji xidmətin keyfiyyəti ilə maraqlanıblar. Onlar mərkəzin uşaq onkologiyası, şüa terapiyası, kimyaterapiya, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, burada xəstəliklərin yüksəkkeyfiyyətli müalicəsi üçün yaradılmış şəraitlə tanış olublar.

Həmçinin Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində Amerika Onkoloji Tibb Bacıları Cəmiyyəti tərəfindən onkologiya sahəsində çalışan tibb bacıları üçün kurs təşkil olunub. Təlimdə 50-dən çox tibb bacısı iştirak edib.

 


Bütün xəbərlər