Qrant müsabiqəsi çərçivəsində qalib layihələr icra olunmaqdadır

12:17 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində qalib olan layihələrin icrası davam edir. 41 ümumi təhsil müəssisəsi və 125 fərdi kateqoriya üzrə seçilən layihələr ölkəmizin 50-ə yaxın rayon və şəhərində icra olunmaqdadır.

Layihələr müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir.

Buraya pedaqoji işçilərin peşəkarlıq bacarıqlarının artırılması ilə əlaqədar təlim, seminar, yay düşərgələri, ixtisasartırma kursları və konfranslar, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ fəaliyyətlər, istedadlı şagirdlərin intellektual səviyyəsinin artırılması aiddir. Eyni zamanda şagirdlərin düzgün peşə və ixtisas seçimlərini formalaşdırmaq üçün müxtəlif zavodlara ekskursiyalar, ustad müəllimlər tərəfindən texniki bacarıqları artıran dərslər təşkil olunur. Psixoloji xidmətin yüksəldilməsi üçün icra olunan layihələr daha çoxdur. Bundan əlavə, müsabiqə çərçivəsində inklüziv təhsil alan şagirdlər üçün təhsil səviyyəsinin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyasına kömək və təhsil həyatlarında manelərin aradan qaldırılması ilə bağlı layihələr də reallaşdırılmaqdadır.

Layihələrin icrasına nəzarət məqsədi ilə Təhsil Nazirliyinə tabe olan müxtəlif qurumlar tərəfindən monitorinqlər həyata keçirilir.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

Bütün xəbərlər