Gələcəyini kodlaşdıranlar arasından qaliblər seçildi

12:23 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Sentyabr ayının 5-dən başlayaraq 10 gün ərzində davam edən intensivİKT üzrə“Code for Future” (Gələcəyi kodlaşdır) yay düşərgəsiuğurla başa çatıb. Biləsuvar rayonunda yerləşən, Cəbrayıl rayonu 7 saylı köçkün qəsəbəsi, İ. Tahirov adına Mehdili kənd orta məktəbində baş tutan “Code for Future” (Gələcəyi kodlaşdır) təşəbbüsünün ilk layihəsində ətraf qəsəbələrdən 322 uşaq ərizələrini təqdim etsə də, onlardan cəmi 45 nəfər təlim öncəsitest imtahanından uğurla keçərək layihədə iştirak hüququ qazanmışdır.

11 məktəbdən seçilən  45 nəfər  VII-IX sinif şagirdləri  kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə təlimlər alıb. Ödənişsiz olan tədris düşərgəsində kodlaşma sahəsində uşaqlar üçün həm əyləncəli, həm də daha asan qavrana bilinən “HTML”, “Scratch”, “CSS” və “Python” kimi proqramlaşdırma dilləri tədris edilib.

Tədris düşərgəsində təlim keçənlər “Code Academy”nin peşəkar təlimçiləri arasından seçilmiş 6 nəfər müəllim olub.İştirakçılardan ən yaxşı nəticələr göstərən Zəhra Behbudova, Məhəmmədəli Həsənov, Hüseyn Mərdanlı və Leyla Aslanova sonda notbukla mükafatlandırılıb. Həmçinin informasiya texnologiyaları sahəsində xüsusi bacarıqları ilə seçilən 3 nəfər iştirakçıHüseyn Mərdanlı, Zəhra Behbudova və Məhəmmədəli Həsənov  “Code Academy”də pulsuz təhsil almaq imkanı qazanıb.Seçilən şagirdlər arasında qızlar həm saylarına həm də göstərdikləri yüksək nəticələrə görə seçilib.

Tədbirdə ABŞ-ın ölkəmizdəki səfirliyi, Ailə, qadın və uşaq problemləri üzrə dövlət  komitəsi, Qaçqınların və Məcburi kömkünlərin işləri üzrə dövlət komitəsi, Cəbrayıl rayon icra hakimiyyəti, UNİCEF və  digər yerli və xarici qurumların nümayəndələri və rəhbərləri qatılıb.

Bağlanış mərasimində iştirak edən Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov mütəmadi olaraq keçirilən dərslərlə şəxsən maraqlandığını və bu kimi təşəbbüslərin uşaqların gələcək fəaliyyətinə müsbət nəticə göstərəəcəyinə şübhə etmədiyini bildirib.

-Layihə bizim uşaqların intellektinin inkişafına yüksək təsir göstərəcək. Qısa müddətli olsa da, təsirinin hələ uzun müddətli bəlkədə ömürlük olacağına inanıram- deyə icra başçısı Kamal Həsənov deyib.

Köçkün uşaqlar üçün nəzərdə tutulan layihənin mükafatlandırılma mərasiminə qatılan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov layihənin faydalı olduğunu və bunun davamlı olaraq keçirilməsinin uşaqların gələcəyi və peşə seçimləri üçün xüsusi rol oynadığını vurğulayıb.

Layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənib.  Tədbirdə iştirak edən səfirliyin ictimai əlaqələr şöbəsinin müdiri Mişel Peterson təşəbbskarları, təlimçiləri və uşaqları layihənin uğurla başa çatması münasibətilə təbrik edib.

Pilot layihə olan “Gələcəyİ kodlaşdır” təşəbbüsünün Azərbaycanın digər regionlarında da keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər