Varikoz xəstəliyi , səbəbləri və mübarizə yolları

12:36 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Ayaqda vena və kapillyarların qabarması varikoz xəstəliyinin əlamətləridir. Bu xəstəlik tək estetik qüsur deyil, həm də 96 % xəstələrdə ayaqlarda  şişkinlik, ağırlıq və istilik hissi, qaşınma, uyuşma, qıcolmalar, ağrı şikayətləri ilə müşayiət olunur. Şikayətlər  günün ikinci yarısından artmağa başlayır. Xəstəlik tədricən inkişaf edən xəstəlikdir. Vaxtında müalicə olunmadıqda venoz xoralar, tromboflebit, qanaxma riski yaranır. Venoz xora varikoz damarların trofiki pozğunluğu nəticəsində venanın zədələnməsidir. Tromboflebit varikoz damarın iltihablaşması olub, kəskin ağrı və ödemlə müşayət olunur. Tromboflebit olan damarda tromboz riski və buna bağlı letal nəticə baş verə bilər.

Risk qrupuna kimlər daxildir?

Bu xəstəliyin yaranmasında genetika böyük rol oynayır. Həmçinin az hərəkətli həyat tərzi, oturaq iş, ağır fiziki yük, hündür daban ayaqqabı geymək, artıq çəki varikozun yaranmasının əsas səbəbləridir.

Xəstəliyin diaqnostikası doppler müayinəsi ilə qoyulur və müayinə əsasında müalicə üsulu təyin edilir. Xəstəliyin ilk mərhələlərində konservativ müalicə yetərli olduğu halda, xəstəliyin inkişaf etmiş dövrlərində cərrahi müalicə tələb oluna bilər.

Nə etməli?

Əsas profilaktika üsulu hərəkətdir. İdman növlərindən üzgüçülük böyük əhəmiyyət kəsb edir- həm müalicəvi, həm də profilaktik təsir göstərir.

Əgər ofis şəraitində oturaq çalışırsınızsa saatda bir dəfə fasilə edin, otaqda gəzinin və ya çöldə yürüyüş edin. Əgər alınmırsa yerinizdə durun və barmaq ucuna qalxın və bədəninizi yuxarı qaldırıb-endirin. Ehtiyac varsa kompression corab geyinin. Uzaq səfərlərə çıxdıqda uçuş zamanı durğunluğun qarşısını almaq üçün ayaqlarınızı masaj edin (döymə, sürtmə şəklində). Hündür daban ayaqqabılardan bacardıqca az istifadə edin. Mümkün olduqca gündəlik kontrast duş qəbul edin. Bütün bədəni etmək alınmasa, yalnız ayaqlarda etmək belə müsbət nəticə verəcək.

Bütün xəbərlər