Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək

15:32 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında 17 oktyabr 2017-ci il tarixli, Sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq Tədbirlər planı hazırlanmışdır.

Tədbirlər planına əsasən fevral ayından başlayaraq bir çox ölkədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Yubiley tədbirləri çərçivəsində 22 sentyabr 2018-ci il tarixində P.İ.Çaykovski adına Konsert Zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsertin keçirilməsi planlaşdırılmışdır. Tədbirdə görkəmli dirijor Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev və tanınmış skripka ifaçısı, Beynəlxalq müsabiqələr laureatı Alyona Bayeva iştirak edəcəklər.

Konsertdə P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin ifasında bəstəkarın “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, Skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səslənəcəkdir.

Rusiya ictimaiyyətinin böyük marağına səbəb olan bu konsert “Kultura” telekanalı tərəfindən lentə alınacaqdır.

Eyni zamanda həmin gün P.İ.Çaykovski adına Konsert Zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi də nümayiş olunacaqdır.

Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq ilin sonunadək həm Azərbaycanda, həm də Rusiya, Türkiyə, ABŞ, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan, Ukraynada bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər, tədbirlər və yubiley gecələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

 


Bütün xəbərlər