195-2 Çağrı Mərkəzinə 80 min müraciət olub

15:46 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 80 mininci müraciət olub. Müraciət özəl tibb fəaliyyətinə lisenziya (xüsusi razılıq) verilməsi ilə bağlı olub və “Lisenziyalar və icazələr haqqında”  və  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cavablandırılıb.

Qeyd edək ki, 2009-cu ildən vətəndaşlara xidmət göstərən 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlər canlı rejimdə birbaşa və səsli menyu vasitəsilə cavablandırılır. Çağrı Mərkəzinə daxil olmuş müraciətlərə operativ cavab verilir, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan başqa, 195-2 vətəndaşlara məlumatlandırma və məsləhət xidməti də göstərir. Vətəndaşlara 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin, sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin vəsaitlərindən istifadə, qrant müqavilələrinin qeydə alınması qaydası, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi məlumatları gün ərzində əldə etmək imkanı yaradılıb.

Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

 

Bütün xəbərlər