Vergilər Nazirliyində Koreyada təşkil olunan təlim kursunun nəticələri ilə bağlı bilik mübadiləsi seminarı keçirilib

17:00 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Təlim Mərkəzində Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Milli Vergi Agentliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları üçün Koreyada təşkil etdiyi 14 günlük təlim kursunun nəticələrinə həsr olunmuş bilik mübadiləsi seminarı keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, avqustun 19-dan sentyabrın 1-dək Koreya Respublikasının Sonnam şəhərində “Vergi inzibatçılığı təcrübəsi üzrə potensialın gücləndirilməsi - Koreya vergi sisteminin müqayisəli öyrənilməsi” mövzusunda təlimdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar, Hüquq, Vergi risklərinin təhlili və nəzarəti, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi, Daxili təhlükəsizlik, Ərazi vergi orqanları ilə iş üzrə departamentlərinin, İnformasiya Texnologiyaları Mərkəzinin və Tədris Mərkəzinin əməkdaşlarından ibarət 17 nəfərlik nümayəndə heyəti iştirak edib.

Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən seminarda Koreyanın vergi inzibatçılığı sahəsində təcrübəsi geniş müzakirə olunub. Vergilər Nazirliyi yanında Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov təqdimatla çıxış edərək bildirib ki, “Vergi inzibatçılığı üzrə potensialın artırılması Proqramı” çərçivəsində Koreya Respublikasında keçirilən təlim kursu milli vergi xidmətinin (KNTS) strukturu və yeniliklər, yeni nəsil vergi administrasiyaları sistemi, KTNS-in əsas funksiyaları və gələcək inkişafı, mənfəət və ƏDV, xarici şirkətlərin vergitutma bazasının idarə olunması, elektron vergi invoysu, ümumi gəlir vergisi və ümumi gəlir bəyannamələrinin idarə olunması da daxil olmaqla 10-dan çox mövzunu əhatə edib.

Koreya Respublikasında vergitutma mexanizmlərinin Azərbaycandakından əhəmiyyətli dərəcədə fərqləndiyini deyən Malik Ələkbərovun fikrincə, bu fərqlilik mənfəət vergisinin tətbiqində və vergi bəyannəmalərinin tərtib olunmasında özünü daha çox göstərir. Belə ki, illik gəliri 200 milyon KRW-dək (200 milyon Koreya vonu (KRW) 200 min ABŞ dolları dəyərindədir) vergiödəyiciləri üçün 10 faiz, 200 milyon -20 milyard KRW (200 min dollardan 20 milyon dollaradək) 20 faiz, 20 milyard KRW-dən (20 milyon dollar) çox olan məbləğə 22 faiz, 300 milyard KRW-dən (300 milyon dollar) çox olan məbləğə isə 25 faiz mənfəət vergisi tətbiq olunur. Koreya Respublikasında mənfəət vergisi bəyannaməsinin iki formatı var, iri şirkətlər üçün ikinci formatın seçilməsi məcburidir. Tətbiq edilən maliyyə sanksiyaları yol verilən qanun pozuntusunun qəsdən və ya bilməyərəkdən törədilməsindən asılıdır.

Vergilər Nazirliyi yanında Tədris Mərkəzinin kafedra müdiri İmran Qarayev isə Koreyada kiçik və orta sahibkarlıq fəaliyyətinin stimullaşdırılması mexanizmlərindən, bu sahəyə tətbiq olunan vergi güzəştlərindən danışıb. O, qeyd edib ki, Koreya Respublikasında vergi siyasətində kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, kiçik və orta sahibkarlıq fəaliyyətindən toplanan vergilərin dövlət büdcəsindəki payı yüksək faizlərlə ifadə olunur.

Təqdimatlardan sonra seminar sual-cavab və müzakirələr əsasında davam etdirilib. Seminarda dinləyici qismində çıxış edən Vergilər Nazirliyinin müxtəlif departamentindən olan mütəxəssislər qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmaq imkanı qazanıb.

Qeyd olunub ki, Koreya Respublikasının vergi siyasəti və inzibatçılığı, habelə müasir texnoloji yeniliklərin tətbiqi sahəsində qazandığı təcrübənin öyrənilməsi Azərbaycanın vergi əməkdaşları üçün böyük faydalar verə bilər.

Bütün xəbərlər