Dövlət İmtahan Mərkəzinin əməkdaşları Kembric Universiteti ilə birgə təlim səfərində iştirak edirlər

10:35 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzinin əməkdaşları sentyabrın 17-dən 21-dək Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti tərəfindən təşkil edilmiş təlim səfərində iştirak edirlər.

Səfərin əsas məqsədi Birləşmiş Krallıq təcrübəsində imtahanlarda fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraitlə tanış olmaq, tətbiq olunan xüsusi vasitələr haqqında öyrənmək və bu vasitələrin DİM-in keçirdiyi imtahanlarda istifadə imkanlarını araşdırmaqdır.

Görüşlərdə Böyük Britaniyanın müxtəlif dövlət qurumları və Kembric Universitetinin nümayəndələri tərəfindən:

  • dil imtahanları və xüsusi tələbləri olan namizədlər;
  • xüsusi tələbləri olanlar üçün test tapşırıqlarının tərtibi və müəllimlərin hazırlığı;
  • imtahanların təşkili;
  • xüsusi tələbləri olanlar üçün siyasət və hüquqi mühit;
  • imtahanların keçirilməsinə nəzarət və istifadə olunan test tapşırıqlarının monitorinqi və s. mövzularda təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi şərait yaradılır. İlk növbədə qaydalara əsasən, onlara imtahanda əlavə vaxt verilir. İmtahandan öncə həmin şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edir və qeydiyyata alınırlar. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi imtahan zalları təşkil edilir və onların hər biri üçün imkanlarının məhdudluğu səviyyəsindən asılı olaraq ayrıca nəzarətçi təyin edilir.

Bütün xəbərlər