Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma hallarının sayı azalıb

18.09.2018,15:47


18 sentyabr, Fineko/abc.az. Ölkədə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi və nəzarətin təşkilini həyata keçirən qurum kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə elektrik və qazpaylayıcı şəbəkələrə  qanunsuz qoşulma hallarının sayı azalıb. Tikinti obyektlərinin qanunvericiliklə nəzərdə tutulmuş rəsmiləşdirilmə və razılaşdırma işləri aparılmadan elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma prosesinin qarşısının alınması üçün tədbirlər gücləndirilib. Belə ki, 2017-ci il ərzində elektrik şəbəkəsinə 504 qanunsuz qoşulma  olduğu halda, Agentliyin fəaliyyəti dövründə yalnız 17 belə hal aşkar edilib.  Əgər ötən il qazpaylayıcı şəbəkəyə  48 qanunsuz qoşulma faktı qeydə alınmışdısa, Agentliyin fəaliyyəti dövründə 10 belə hal aşkar edilib.  Xatırladaq ki, Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətində məqsəd kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.