Zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

16:41 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl çantasını rentgen aparatından keçirib, gömrük nəzarətini tərk etmək istəyərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub. Vətəndaş əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş və içərisində 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağı olan sellofan paketi şalvarının arxa cibindən çıxararaq gömrük əməkdaşına təqdim edib.

Aşkar edilən predmetlər ümumi çəkisi 154,0 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

 

Bütün xəbərlər