Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib

14:19 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Gənclər Fondu (AZGF) Bakı şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib.

Bakı Konqres Mərkəzində təşkil edilən görüşdə Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında təsdiq olunmuş Gənclər Fondunun Nizamnaməsi ilə gənclər təşkilatlarına təklif edilən imkanlar barədə geniş təqdimat keçirilib.

Həmçinin Fond tərəfindən gənclər təşkilatlarının layihələrinin qrant müsabiqələri və müsabiqədən kənar maliyyələşdirilməsi, gənclər təşkilatlarının və gənclər evlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müraciətlərin, gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi və digər imkanlar barədə gənclər təşkilatlarına ətraflı məlumat təqdim olunub.

Bildirilib ki, Gənclər Fondunun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilində, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.

Tədbirin gedişində Gənclər Fondu tərəfindən elan edilmiş 11-ci qrant müsabiqəsi barədə də müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, AZGF 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.

Layihə təklifləri sentyabrın 23-dək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsi ilə qəbul olunacaq.

Bütün xəbərlər