“Qarabağ” yatağında ilk qiymətləndirici quyunun gələn ilin birinci yarısında qazılması nəzərdə tutulur

16:24 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev  “Qarabağ” yatağında ilk qiymətləndirici quyunun gələn ilin birinci yarısında qazılması nəzərdə tutulduğunu qeyd edib. “Həmin quyu “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılacaq. Yataqdan hasilat 2021-ci ildə planlaşdırılır”, - deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, bu il mayın 30-da SOCAR ilə Norveçin “Equinor” qrupunun bir hissəsi olan “Statoil Azərbaycan” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalayıb. Milli Məclis iyunun 29-da sazişi ratifikasiya edib. İyulun 5-də isə Prezident İlham Əliyev sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi üçün Qanun imzalayıb.

“Qarabağ” layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb. “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

Bütün xəbərlər