Elmar Məmmədyarov: Ermənistanın Azərbaycan ərazilərinin işğalı bölgəni hərtərəfli əməkdaşlıqdan məhrum edir

16:32 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu (DİF) tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində çıxış edib.

İnklüziv rəqəmsal inkişaf haqqında çıxışında Elmar Məmmədyarov qeyd edib ki, yeni texnologiyaların intensiv inkişafı iqtisadi və sosial sahələrdə insanlar və ölkələr üçün yeni imkanlar yaradır.

“Lakin bununla yanaşı, həmin proses kiber hücumlar və iş yerlərinin itirilməsi kimi yeni çağırışlar və təhdidlər gətirir. Bu çətinliklərlə üzləşərkən dövlətin üzərinə böyük məsuliyyət düşür. Beləliklə, vəziyyət düzgün qiymətləndirməli və vətəndaşların bu kimi təhdidlərdən qorunması üçün lazımı ölçülər götürülməlidir”, - Elmar Məmmədyarov belə deyib.

Nazir qeyd edib ki, işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət  imkanlarından məhrum edir.

“Hazırkı reallıqlar şəraitində, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdulaşdırır və daraldır”, - deyə nazir qeyd edib.

O, bildirib ki, təhlükəsizlik və sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail olmaq üçün vacib şərtdir.

 

Bütün xəbərlər