SOCAR GPC üzrə ilkin mühəndislik və layihələndirmə işləri başa çatıb

19.09.2018,17:29


19 sentyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qaz emalı və Qaz-kimya zavodlarından ibarət SOCAR GPC kompleksi üzrə ilkin mühəndislik və layihələndirmə işlərinin artıq başa çatdığını və hazırda bununla bağlı xarici investorlar ilə danışıqlar aparıldığını qeyd edib.

Qeyd edək ki, SOCAR GPC kompleksinin tikintisinə bu ilin sonu - gələn ilin əvvəlində başlanılması nəzərdə tutulur. Kompleks Qaradağ qəsəbəsində 305 hektar ərazidə yerləşəcək. “SOCAR GPC” layihəsinin 2022-ci ilin birinci rübündə başa çatacağı nəzərdə tutulur. Layihə çərçivəsində illik istehsal gücü 10 milyard kubmetr olan qaz emalı zavodu və qaz-kimya zavodunun inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə “Buten-1” və “Hexen-1” qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılır. SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan “HQC” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 4 milyard dollar təşkil edir. Kompleksdə istehsal edilən məhsulların 50 faizi Türkiyəyə ixrac olunacaq. Bununla yanaşı, Yaxın Şərq, Çin və bəzi Avropa ölkələri də potensial bazar kimi qiymətləndirilir.

“ING Bank”, Çin İnkişaf Bankı və “Gazprombank” birgə maliyyə məsləhətçiləri seçilib. “Vinson & Elkins” “SOCAR GPC”nin beynəlxalq hüquq məsləhətçisi, “PSG” hüquq firması isə Azərbaycanda hüquq məsləhətçisi xidməti göstərir.

Açar sözlər: socar