“WorldFood Moscow” sərgisi çərçivəsində Azərbaycan məhsullarının təqdimatı keçirilib

20.09.2018,10:15


19 sentyabr, Fineko/abc.az. Moskvada keçirilən “WorldFood Moscow” sərgisi çərçivəsində Azərbaycan məhsullarının təqdimatı keçirilib. “Enoqastronomik furşet”də Azərbaycan mətbəxinin ləziz təamları, şərablar, meyvə-tərəvəzlər, alkoqolsuz içkilər, qənnadı məmulatları, mürəbbələr və s. təqdim olunub.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan şərablarının milli mətbəximizlə harmoniyasını nümayiş etdirmək idi. Təqdimatda Moskvadan, həmçinin Rusiyanın regionlarından və MDB ölkələrindən, eləcə də digər xarici ölkələrdən olan topdan və pərakəndə ticarət nümayəndələri, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Rusiyadakı Azərbaycan icmasının rəhbəri, akademik Fazil Qurbanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) prezidentinin vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev təqdimat mərasimində çıxış edərək Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən danışıblar.

Xatırladaq ki, “WorldFood Moscow” Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 20-dək davam edəcək. Azərbaycan ötən il olduğu kimi bu il də sərgidə tərəfdaş ölkə qismində iştirak edir və “Made in Azerbaijan” vahid stendlə təmsil olunur.

Açar sözlər: Worldfood Moscow 2018