Fövqəladə hallarda zərərçəkmiş əhalinin sağlamlığının qorunması mövzusunda təlim keçirilib

12:15 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Fövqəladə hallarda insanların xilas edilməsində xidmət göstərənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi Səhiyyə Nazirliyinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə SN İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində Goranboy Rayon Mərkəzi xəstəxanasında təlim keçirilib.

Fövqəladə hallarda zərərçəkmiş əhali arasında xəstələnmə, əlillik, ölüm hallarının azaldılması istiqamətində həyata keçirilən layihənin 5 əsas məqsədlərinə cinsi zorakılığın qarşısının alınması və zərər çəkənlərə yardımın göstərilməsi; İİV-in ötürülməsinin azaldılması, ana və yeni doğulmuş uşaqlar arasında həddən artıq xəstələnmə və ölüm hallarının qarşısının alınması kimi məsələlər daxildir.

Təlimin ilk günündə tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirilib. “Zərərçəkmiş” hamilə qadınlara ilkin yardım göstərilib. Təlimin ikinci günündə, göstərilən tibbi yardımlar müzakirə olunub, tibb işçilərinə müvafiq metodiki tövsiyələr verilib.

Təlimlərdə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai də iştirak edib.

Bütün xəbərlər