Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb

20.09.2018,12:27


20 sentyabr, Fineko/abc.az. Sentyabrın 20-də Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirak edib.

Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında keçirilən görüşdə Azərbaycanda reallaşdırılacaq layihələr, o cümlədən sosial, mədəniyyət, idman, təhsil, elm və texnika, ekologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur. Bu layihələr müxtəlif infrastrukturun, o cümlədən məktəb binalarının tikintisi və bərpası, mədəni-tarixi irsin bərpası və qorunması, kiçik və orta sahibkarlığın inkişafına dəstək xarakteri daşıyacaq. Eyni zamanda, ekologiya, idman, sosial və təhsil sahələrində, həmçinin regionlarda gənclər arasında müxtəlif peşə sənətinin və startapların inkişafı, uşaq və yeniyetmələrin maarifləndirilməsi, valideyn himayəsindən məhrum olan uşaqlar üzrə birgə layihələr icra olunacaq.

Qonaqlar, həmçinin Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgi zalları ilə tanış olublar. Heydər Əliyev Mərkəzinin binasının memarlıq nümunəsi olmaqla yanaşı, burada maraqlı layihələrin təqdim edilməsi qonaqlarda böyük maraq doğurub.

Açar sözlər: BP