Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir

20.09.2018,14:00


20 sentyabr, Fineko/abc.az. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində fermerlər əlavə olaraq, ümumilikdə, 12-13 milyon manat qazanc əldə edəcəklər. Bu, dövlətimizin başçısının fermerlərə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.

Nazirlik rəsmisi bildirib ki, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin məsul işçilərinin, həmçinin pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılması barədə razılıq əldə edilib.

Bu il respublika ərazisində 132 min hektar sahədə pambıq əkildiyini qeyd edən Anar Hüseynov ölkə üzrə 260 min ton məhsul yığımının nəzərdə tutulduğunu deyib. Bildirib ki, pambıq əkini daha çox Sabirabad, Saatlı, Biləsuvar, Ağcabədi, Bərdə və Beyləqan rayonlarında həyata keçirilib. Respublika üzrə pambıq əkininin 60 faizi məhz bu rayonların payına düşür.

2015-2018-ci illərdə respublikaya “Aqrolizinq” ASC-nin xətti ilə 353 ədəd pambıqyığan maşının gətirildiyini vurğulayan şöbə müdiri yaxın günlərdə daha 50 ədəd kombaynın da gətirilməsinin nəzərdə tutulduğunu deyib: “Hazırda bir neçə rayonda əllə pambıq yığımına başlanılıb. Bu ayın sonlarında isə yığım prosesinə kombaynlar da qoşulacaq. Mövcud olan 353 kombayndan 221-i artıq pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlərə lizinqə verilib. Onlardan 98-i “Aqrolizinq” ASC-nin regional servislərində xidmət göstərəcək.”