AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib

20.09.2018,19:20


20 sentyabr, Fineko/abc.az. Minskdə Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi və Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının 25 illiyi münasibətilə beynəlxalq konqres keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, beynəlxalq konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Beynəlxalq konqresin rəsmi açılış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub. Sonra AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının sədri V.Q.Qusakova təbrik məktubunu oxuyub.

Daha sonra A.Əlizadə məruzə ilə çıxış edərək Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Elmi məruzələrdən sonra tədbir iştirakçıları Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi ilə bağlı təsis edilən medallarla təltif ediliblər. Medal alanlar sırasında Akif Əlizadə və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev də olub.

Beynəlxalq konqresdə Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Zülfüqar Tanarverdi də iştirak edib.