Məleykə Abbaszadə Litva Respublikasının nümayəndə heyəti ilə görüşüb

21.09.2018,09:20


21 sentyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizə səfərdə olan Litva Respublikasının dövlət katibi Algirdas Stonkaitisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səfərin əsas məqsədi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və Litva Respublikası hökümətinin Avropa İttifaqının Tvinninq aləti çərçivəsində birgə həyata keçirdiyi “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi”, DİM və Litva Respublikasının müvafiq dövlət qurumları arasında əlaqələrin yaradılması, habelə Litva və Azərbaycan arasında digər əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.

Səfər çərçivəsində sentyabrın 20-də M.Abbaszadə Litva nümayəndə heyəti ilə görüşüb. DİM Direktorlar Şurasının sədri Azərbaycan-Litva arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrin inkişafı barədə danışıb, “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində Litva ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Tərəflər dövlət idarəçiliyi və dövlət qulluğu, o cümlədən dövlət qulluqçularının yenidənhazırlığı və beynəlxalq standartlara cavab verən dövlət qulluğu institutunun möhkəmlənməsi sahəsində islahatlarla bağlı ölkələrində baş verən yeniliklər barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qeyd olunan layihənin ümumi gedişatı, layihə çərçivəsində həll edilmiş məsələlər, həyata keçirilən tədbirlər, əldə edilmiş nəticələr barədə məlumat verilib. Tvinninq layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən tərəflər layihə üzrə keçirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndiriblər.

Layihə rəhbərləri hesabat dövründə layihənin maneəsiz və uğurla icra olunduğunu vurğulayaraq həyata keçirilən işlərin layihənin ümumi məqsədlərinə töhfəsini verdiyini və gələcək inkişaf üçün zəmin yaratdığını qeyd ediblər.

Sonda əməkdaşlığın növbəti mərhələləri müzakirə edilib, Tvinninq müqaviləsinin müddəalarına uyğun olaraq, növbəti tədbirlərə dair müzakirələr aparılıb və layihənin səmərəli tətbiqinə dair təklif və tövsiyələr verilib.

Açar sözlər: Məleykə Abbaszadə