İsmayıllı və Göyçayın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb

10:26 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonozxəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb və bununla əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb. Bu müraciətlə əlaqədar İsmayıllı və Göyçay rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilib.

Heyvanların toplandığı və satıldığı yerlərdə dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin aparılması mühüm əhəmiyyətə malikdir. Çünki həmin yerlərə heyvanlar müxtəlif təsərrüfatlardan, rayonlardan toplanır və satışı aparılır. Kənd təsərrüfatı heyvanları və quşları arasında bir çox infeksion xəstəliklərin baş verməsində və yayılmasında heyvan bazarları mühüm rol oynayır. Xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan heyvanların bazarlara toplanması, satılması, yaxud xəstə heyvanlardan alınan heyvan məhsullarının zərərsizləşdirilməmiş halda bazarda satılması bir çox qorxulu xəstəliklərin baş verməsi və yayılmasında əsas amillərdən biridir.

Bu səbəbdən şəhər, qəsəbə, rayon miqyasında olan bütün heyvan toplanan yerlərdə, xüsusilə heyvan bazarlarında baytarlıq-sanitariya tədbirlərinin sistematik sürətdə həyata keçirilməsinə fikir verilməlidir. Heyvan toplanan yerlər ciddi mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya edilməlidir.

Bu səbəbdən rayonlarda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılması vacibdir. Görülən tədbirlər müqavilə əsasında həyata keçirilir və satışa çıxarılan heyvanların salamatlığının qorunmasına xidmət edir.

Dezinfeksiya aparılan zaman yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun icra edilir.

İsmayıllı və Göyçay rayonlarının diri heyvan bazarlarında profilaktik dezinfeksiya “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib.
Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək.

 

Bütün xəbərlər