"Açıq, şəffaf və səmərəli dövlət xidmətlərinin göstərilməsi üçün vahid pəncərə modeli" mövzusunda seminar keçirilir

12:43 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Bu gün Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik” adlı I Platforması çərçivəsində İdarəçilik və Dövlət İdarəçiliyi İslahatları Panelinin 1-ci sahəsi üzrə (dövlət qulluğu, dövlət idarəçiliyi institutları və onların fəaliyyəti, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna qəbul qaydaları, qanunvericilik) Azərbaycan Respublikası tərəfindən əlaqələndirici qurum olan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən “Vahid pəncərə sistemi əsasında vətəndaşlara əlçatan, şəffaf və səmərəli dövlət xidmətlərinin göstərilməsi” mövzusunda seminar keçirilir.

Tədbirin keçirilməsində məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə Azərbaycanda dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən yeniliklər, vətəndaşların dövlət qurumlarına inamının artırılması və “bir pəncərə” prinsipi əsasında dövlət qurumları tərəfindən göstərilən xidmətlər barədə ölkəmizin təcrübəsini paylaşmaq, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin qeyd edilən sahədə təcrübəsi barədə yerli iştirakçıların məlumatlandırılmasıdır.

Seminarda vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar funksiyaları yerinə yetirən müxtəlif dövlət orqanlarının struktur bölmələrinin, həmçinin tərəfdaş ölkələrin bu sahədə fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qonaqları salamlamış, ŞT proqramı çərçivəsində ortaq tarixi keçmişə malik olan dövlətlərin əməkdaşlığını davam etdirməsinə dəstək verən belə effektiv alətin yaradılmasına və bugünkü tədbirin təşkil edilməsinə görə Avropa İttifaqına öz təşəkkürünü bildirmişdir. Sədr qeyd etmişdir ki, son dövrlərdə “vahid pəncərə” sistemi Azərbaycanda kifayət qədər rəğbət və populyarlıq qazanmışdır və bu tip tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.

Daha sonra çıxış edən Avropa İttifaqının Bakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu müvafiq platformanın Azərbaycanda qurumların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirmiş və qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bəzi xidmətlərin təşkil edilməsində “bir pəncərə” prinsipinin elementlərindən istifadə etməklə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksələ biləcəyini vurğulamışdır.

Gün boyu davam edəcək seminarda “bir pəncərə” prinsipini tətbiq edən “Vergilər Nazirliyi”, “ASAN Xidmət”, “Bir Pəncərə İxraca Dəstək Mərkəzinin və hazırda yaradılmaqda olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Mərkəzlərinin fəaliyyəti, eləcə də Ukrayna, Belarus, Gürcüstan və Moldova nümayəndələrinin çıxışları nəzərdə tutulmuşdur.

Bütün xəbərlər