DİM sədri: Bu il ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib

21.09.2018,14:26


21 sentyabr, Fineko/abc.az. “Bu il ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Əvvəllər ali məktəbə qəbul olunan abituriyentlərin təxminən 12-13 faizinin qeydiyyatdan keçmədiyini vurğulayan M.Abbaszadə deyib: “Bu il isə bu göstərici çox az oldu. Sentyabrın 15-dən sonra qeydiyyatdan keçməyən abituriyentlər tərəfindən müraciətlər daxil oldu. Biz onlara fərdi şəkildə baxdıq. Ali məktəbə qəbul olunan, amma ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən abituriyent sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara da fərdi yanaşıldı. Elə hallar da olub ki, abituriyentin təhsil haqqı köçürülüb, amma o qeydiyyatdan keçməyib. Bunları nəzərə alaraq belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik”.

Açar sözlər: Məleykə Abbaszadə