Gəmiçilikdə rəhbər şəxslər üçün "iclasların effektiv idarəedilməsi" mövzusunda təlim keçirilib

21.09.2018,15:27


21 sentyabr, Fineko/abc.az. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ("AXDG") rəhbər şəxsləri üçün "İclasların effektiv idarəedilməsi" mövzusunda təlim keçirilib.

Təlimdə "AXDG" QSC-nin struktur və departament rəhbərləri iştirak ediblər.

Beynəlxalq səviyyəli biznes-təlimçi Rəşad Bayramovun apardığı təlimdə əksər yerli və xarici şirkətlərdə iclasların idarəolunması zamanı bir çox problemlərə rast gəlindiyi diqqətə çatdırılıb. Bildirilib ki, bunlardan ən başlıcası vaxt itkisi ilə bağlıdır: "Bu problemdən çıxış yolu üçün iştirakçılara əvvəlcədən müzakirə mövzusu haqqında məlumat verilməli, iclasa doğru komanda üzvləri dəvət edilməlidir. Digər tərəfdən, mövzudan yayınmağa yol verilməməlidir".

Rəşad Bayramov qeyd edib ki, iclasların daha effektiv və səmərəli keçirilməsi üçün görüşdəki şəxslərin hər birinin fikrinin soruşulması vacib amillərdəndir. Keyfiyyətli iclasa hazırlıq çox vaxt alır, lakin nəticəsini nəzərə aldıqda buna dəyər.

İnteraktiv formada təşkil olunan təlimdə mövzuya uyğun müxtəlif videolar nümayiş olunub, iştirakçılara effektiv iclasın təşkili və idarəedilməsi ilə bağlı tapşırıqlar verilib, suallar cavablandırılıb.

Xatırladaq ki, AXDG-də bu növ təlimlər gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını, eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.

 

Açar sözlər: təlim