İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

15:44 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Gəncədə vətəndaşları qəbul edib.

Qəbula gələn Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşlar güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması, məhsul satışı və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların bağçılıq, tərəvəzçilik, kartof istehsalı, turizm obyektinin tikintisi, qaz avadanlıqlarının istehsalı, gips əsaslı tikinti materiallarının istehsalı və qablaşdırılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Gəncədə keçirilmiş qəbulda Gəncə şəhəri, Kəlbəcər və Daşkəsən rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.Qeyd edək ki, qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün kütləvi informasiya vasitələrində, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytı, "Facebook" vasitəsi ilə elan verilib, Nazirliyin rəsmi internet səhifəsində vətəndaşların qəbul üçün elektron müraciətlərinin onlayn qeydiyyata alınması məqsədilə texniki imkanlar yaradılıb

 

Bütün xəbərlər