Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib

11:34 - 22.09.2018


22 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada aparılan geniş tikinti-quruculuq işləri yol təsərrüfatını da əhatə edib. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yeni texnikaların alınması yol tikintisinin əhatə dairəsini xeyli genişləndirib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınması üçün yeni mexanizmlər alınıb. Yol infrastrukturu müasirləşdirilərkən diqqətdə saxlanılan əsas məsələlərdən bir də yerli tikinti materialları, xüsusilə də keyfiyyətli asfalt istehsalına nail olmaqdır. Yeni asfalt-beton zavodun istifadəyə verilməsi də məhz bu sahədə görülən işlərin davamıdır. Bəhruz Əsgərov yaradılan şəraitə görə muxtar respublikanın yol təsərrüfatı işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri asfalt-beton zavod kompleksinin qurulmasında göstərdikləri köməkliyə görə qardaş Türkiyə Respublikasının “Texno Asfalt” və “Aymak” şirkətlərinin nümayəndələrinə təşəkkürünü bildirib, kollektivə işlərində uğurlar arzulayıb.

Türkiyənin “Texno Asfalt” şirkətinin servis müdiri Osman Şahin və satış müdiri Sultan Şahin əməkdaşlığa, fəaliyyətlərinə verilən qiymətə və göstərilən diqqətə görə minnətdarlıq ediblər. Sultan Şahin deyib ki, Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir. Bu, əlaqələrin inkişafında özünü göstərir. Naxçıvanda yeni asfalt-beton zavodun qurulmasında Türkiyə şirkətlərinin iştirak etməsi də qarşılıqlı əməkdaşlığın nəticəsidir.

Ali Məclisin Sədri idarəetmə otağında zavodu işə salıb.

Məlumat verilib ki, 3 hektar sahəni əhatə edən zavodda Almaniya istehsalı avadanlıqlar quraşdırılıb. İstehsal müəssisəsi asfalt istehsalı sahəsindən və qum-çınqıl karxanasından ibarətdir. Avtomatik idarə olunan zavodda istehsal olunan məhsullar öz keyfiyyəti ilə seçilir. Zavodda enerji sərfiyyatı istehsal olunan asfaltın miqdarına uyğun tənzimlənir və əlavə enerji itkisinə yol verilmir. “Benninghoven” markalı yeni asfalt-beton zavod saatda 240 ton asfalt-beton, ölçüsü 25 millimetrədək olan 5 növdə 210-230 ton fraksiya istehsal etmək gücünə malikdir. Daşqırıcının istehsal gücü saatda 100-110 tondur. Zavodda tutumu 300 ton olan bitum ehtiyatı anbarı yaradılıb, hər birinin tutumu 50 ton olan 6 bitum çəni quraşdırılıb. 4 bitum çəninin quraşdırılması və əlavə 200 tonluq anbarın yaradılması istiqamətində isə işlər davam etdirilir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında bağlanmış Qrant müqaviləsinə əsasən alınmış Çin istehsalı 1 “DONGFENG” markalı özüboşaldan yük maşını, 1 “XCMGXC-760K” markalı kiçikhəcmli yükləyici və Belarus istehsalı 1 “AMKODOR-342B” markalı irihəcmli yükləyici Naxçıvan Muxtar Respublikasının Avtomobil Yolları Dövlət Agentliyinə verilib.

Ali Məclisin Sədri texnikaların açarlarını təqdim edib.

Zavodun həyətində ehtiyat hissələri üçün anbar və yardımçı bina tikilib, avtomobil dayanacağı istifadəyə verilib. Yardımçı binada mətbəx-yeməkxana, çilingər və digər xidməti otaqlar vardır.

Bütün xəbərlər