Dünya Bankı Azərbaycanda yeni ekoloji və sosial normaların tətbiqinə başlayır

24.09.2018,13:16


24 sentyabr, Fineko/abc.az. Dünya Bankı Azərbaycandakı tərəfdaşlar üçün ekoloji və sosial normalar çərçivəsini (Environmental and Social Framework) təqdim edib.

DB-nin Bakı nümayəndəliyi  məlumat verir ki, yeni qaydalar 2016-cı ilin avqust ayında təsdiq olunub və bu ilin payızında bank tərəfindən həyata keçirilən bütün layihələrə tətbiq olunacaq.

“Ekoloji və sosial normaların yeniləşdirilməsi ehtiyacı bir neçə il əvvəl bu normaların digər beynəlxalq maliyyə təşkilatlarının siyasətləri ilə uyğunlaşdırılması, yeni narahatlıqların, məsələn, iqlim dəyişikliyi ilə bağlı risklərin daha yaxşı əhatə olunması və son dövrlərdə əldə edilmiş yaxşı praktikanı əks etdirmək zərurətindən yaranmışdı. Yeni normalar 4 il ərzində 60-dan çox ölkə ilə məsləhətləşmələrin gedişində hasil olmuşdu”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, yeni qaydalar ölkə sistemlərindən daha geniş istifadəni nəzərdə tutur. Borcalanlar öz ekoloji və sosial qanunvericiliklərinin müvafiq hissələrini layihələrə şamil edilməsini təklif edə bilərlər. Bu zaman Dünya Bankı Borcalanın siyasət, hüquqi və institusional bazasını təhlil edəcək və qərar verəcək.