Avropa İnvestisiya Bankı oktyabr ayında işgüzar missiya ilə Azərbaycanda olacaq

13:51 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az.  İqtisadiyyat naziri Şahin Mustafayev  Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudakı qəbul edib.

Nazirliyin məlumatında deyilir ki, görüşdə  Avropa İnvestisiya Bankının vitse-prezidenti bildirib ki, maliyyə yardımı ilə yanaşı, bank həmçinin ekspertiza, məsləhət xidmətləri və texniki yardım göstərir.

“Bank infrastruktur yaradılması və bərpası sahəsində geniş təcrübəyə malikdir və Azərbaycana avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulmasında kömək edə bilər. Həmçinin alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində əməkdaşlıq etmək mümkündür”, - deyə V.Hudak bildirib.

Görüşdə V.Hudak həmçinin deyib ki, Avropa İnvestisiya Bankının Azərbaycana işgüzar səfəri oktyabr ayında keçiriləcək.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla, xüsusilə də Avropa İnvestisiya Bankı ilə uğurlu əməkdaşlıq haqqında danışıb.

 

Bütün xəbərlər