Putin: Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar

28.09.2018,14:44


28 sentyabr, Fineko/abc.az. Regionlararası əlaqələr bizim dövlətlərarası münasibətlərimizin mühüm tərkib hissəsidir və Rusiya Federasiyasının təxminən 70 regionu Azərbaycanın regionları ilə sıx işləyir.

IX Azərbaycan-Rusiya regionlararası forumunun açılış mərasimində Rusiya prezidenti Vladimir Putin bildirib ki, liderlər, Moskva vilayəti, Sankt-Peterburqdur, həmçinin Stavropol, Krasnodar diyarları, Həştərxan vilayəti, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətləridir.

“Bütövlükdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdən danışarkən qeyd etmək istərdim ki, dövlətlərimiz arasında münasibətlər, sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq. Azərbaycan Prezidentinin indicə haqqında dediyi bu yaxınlardakı Soçi danışıqlarının gedişində, sözsüz ki, bizim dövlətlərarası əlaqələrimizin gələcək quruculuğu üçün əlavə normativ baza yaradan bir sıra sənədlər, razılaşmalar imzaladıq. Qeyd edim ki, indi Azərbaycan bazarında artıq Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir. Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir. Qarşılıqlı, səmərəli biznes əlaqələrinin qurulmasına Rusiya-Azərbaycan İşgüzar Şurası böyük kömək göstərir. Təkcə ötən il bu şura ümumilikdə yarım milyard dollara yaxın məbləğdə dəyəri olan 42 birgə layihəni dəstəkləyib”, - deyə V.Putin bildirib.

Onun sözlərinə görə,  Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər. “Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. “LUKoil” Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub, “Transneft” isə Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir.

“Biz, maşınqayırma sahəsində kooperasiyanın dərinləşdirilməsi üçün yaxşı imkanlar görürük. Bu barədə də artıq bu gün danışılıb. “KamAZ” işləməyə başlayıb. Orada artıq texniki yığım və avtomobillərə xidmət həyata keçirilir. “Avtovaz” “Lada” avtomobillərinin satışı üzrə Azərbaycanın bütün regionlarında geniş pərakəndə şəbəkə yaradıb. Respublikada 40-dan çox şöbə yaradılıb”, - Rusiya prezidenti belə deyib.

RF rəhbəri qeyd edib ki,  Azərbaycandan olan sərmayədarlar Rusiyada kənd təsərrüfatı obyektlərinin inşasında iştirak edirlər. 2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı demək olar 12 faiz artıb. Bizim tərəfdaşlarımız bu sahəyə yüksək maraq göstərirlər.

“Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar. İlk növbədə, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və sözsüz ki, Xəzərin bioehtiyatlarının və biomüxtəlifliyinin qorunması sahəsində. Turizm sahəsində ikitərəfli əlaqələr intensiv şəkildə inkişaf edir”, - deyə Putin əlavə edib.