Ölümlə nəticələnən qəzanın səbəbkarı avtobus sürücüsüdür

17:45 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC bildirir ki, yük qatarının sürücüsünün bu günkü  yol qəzasında, xüsusilə, 160 nömrəli avtobus marşrutu ilə qatarın toqquşmasında təqsiri yoxdur.

QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın sözlərinə görə, qatar, 12 boş çənlə Bina qəsəbəsindən Dübəndi stansiyasına doğru hərəkət edib və bu zaman 10-TG-106 nömrəli avtobus şlaqbaumdan keçərək qatarla toqquşub.

“Yol hərəkəti qaydaları (maddə 44) avtobus sürücüsü tərəfindən pozulub. Nəticədə, lokomotiv relslərdən 90 dərəcə çıxıb. Maşinist  indi şok vəziyyətdədir”, - deyə S.Qədirova bildirib.

Avtobusla qatarın toqquşması nəticəsində 13 yaşında bir uşaq dünyasını dəyişib, yaralananların sayı 30 nəfərdən çoxdur.

Hadisə ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin Nəqliyyat Baş İdarəsində 263.2 maddəsi (Ehtiyatsızlıq səbəbindən zərərçəkənlərin  ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarının pozulması) üzrə cinayət işi başlanıb, istintaq aparılır.

 

 

Bütün xəbərlər