“Lufthansa Group” qısa və orta müddətli uçuşlar üçün ən son nəsil təyyarələr əldə edir

03.10.2018,11:04


3 oktyabr, Fineko/abc.az. Deutsche Lufthansa AG-nin müşahidə şurası qısa və orta müddətli uçuşlar üçün 27 təyyarənin alınmasını bəyənib.

Şirkətin məlumatında  bildirilib ki, 24 Airbus A320neo və 3 Airbus A321neo təyyarələrinin  alınması üzrə opsionlar sabit sifarişlər statusuna keçiriləcək.

“Bu qərarın qəbul edilməsi aviasiya qrupunun bazar inkişafı və gəlirlərin artmasına reaksiyasıdır və “Lufthansa Group”a önümüzdəki illərdə aerodonanmanın lazımi ölçülərini təmin etməyə imkan verəcəkdir. Yerləşdirilmiş sifarişin ümumi dəyəri elan olunan qiymətlərə uyğun olaraq təxminən 3 milyard dollar təşkil edir. İndi sifariş  edilmiş Airbus A320neo və A321neo təyyarələrinin ümumi sayı “Lufthansa Group”un hava donanmasında 149 layner təşkil edəcək və  onlardan 13-ü artıq istifadəyə verilib”, - məlumatda  belə deyilir.

Məlumatda deyilir ki, A320neo və A321neo tədarükü ("New Engine Option" birləşməsinin qısa variantı, yəni "yeni mühərrik versiyası") 2023 və 2024-cü illərə nəzərdə tutulur. Sifariş edilmiş 27 təyyarədən 10u SWISS  aviaşirkəti üçün nəzərdə tutulmuşdur, qalan təyyarələr “Lufthansa Group”un müxtəlif aviaşirkətləri arasında paylanacaq. Təyyarələrin bir hissəsi Pratt & Whitney (PW1100G) mühərrikləri ilə təchiz olunacaq, digərləri isə CFM International şirkətinin LEAP-1A mühərrikləri ilə təchiz olunacaq. Bu, “Lufthansa Group”a məxsus "Neo" ailənin təyyarələrində hər iki mühərriklərin təxminən bərabər nisbətdə istifadə ediləcəyi deməkdir.