SOCAR İstiqrazlarının qiyməti rekord həddə, 1030,10 dollara çatdı

16:01 - 8.10.2018


8 oktyabr, Fineko/abc.az. Növbəti faiz ödənişindən 10 gün əvvəl SOCAR istiqrazlarının qiyməti kəskin şəkildə artdı.

SOCAR İstiqrazlarının marketmeykeri “PSG Kapital” şirkətindən verilən məlumata görə, 8 oktyabr  Bakı Fond Birjasının ticarət sistemində SOCAR İstiqrazları üzrə yerləşdirilmiş ən aşağı satış qiyməti 1030.10 dollar təşkil edir.

“Bu istiqrazların indiyədək qeydə alınan ən yüksək satış qiymətidir. Qiymətin kəskin artmasının səbəbi növbəti faiz ödənişinin yaxınlaşması və istiqrazlara olan tələbatın yüksəlməsidir”, - məlumatda belə deyilir.

Şirkətin məlumatında deyilir ki, SOCAR İstiqrazı almaq istəyən hüquqi və fiziki şəxslər hazırda onu sadəcə təkrar bazardan minimum 1030.10 dollara əldə edə bilərlər. SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı SOCAR İstiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5%, faiz ödənişi hər 3 aydan birdir.

İndiyədək 7 dəfə faiz ödənişi gerçəkləşib. Növbəti faiz ödənişi isə 17 oktyabrda həyata keçiriləcək.

İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.

SOCAR İstiqrazları sahibləri istiqrazlarını girov qoyaraq, dollarda illik 5% gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imaknına da malikdirlər.

SOCAR İstiqrazlarını 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

 

Bütün xəbərlər