İran və Azərbaycan gömrükçüləri beynəlxalq nəqliyyat layihələrində iştirak çərçivəsində əməkdaşlığın əhəmiyyətini müzakirə etdilər

10:39 - 9.10.2018


9 oktyabr, Fineko/abc.az. Azərbaycan və İran gömrükçüləri sərhəddə görüş keçiriblər.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, görüş İran tərəfinin təşəbbüsü ilə keçirilib və Azərbaycan Respublikası Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunun rəisi Ceyhun İbrahimov və İranın "Biləsuvar" gömrük-keçid məntəqəsinin rəhbəri Davər Arəng tərəfindən keçirilib.

“Görüşdə son illər ölkələr arasında əlaqələrin inkişafı, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ticarətin artması müzakirə edilib. Tərəflər qeyd ediblər ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Azərbaycan və İranın gömrük xidmətlərinin nümayəndələri beynəlxalq ticarətin sadələşdirilməsi və sürətləndirilməsi məsələlərini, nəqliyyat və insanların gömrük keçid müddətini sürətləndirən məsələləri, ümumiyyətlə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

 

 

Bütün xəbərlər