“Caspian European Club” tələbələr üçün motivasiya treninqi keçirəcək

10:56 - 9.10.2018


9 oktyabr, Fineko/abc.az. Oktyabrın 13-də Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün “Xəyallarındakı işi tap” mövzusunda motivasiya treninqi keçiriləcək.

Bu barədə 10 ildir ki, məşqçi-motivator qismində Azərbaycan, Qazaxıstan və Gürcüstanın tələbələri və idmançıları üçün treninqlər təşkil edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Treninq çərçivəsində düzgün CV tərtib etmək, müsahibədən keçmək, komandada işləməyi, gəlirləri artırmağı, emosiyaları və zamanı idarə etməyi öyrənmək kimi mövzular müzakirə olunacaq.

T.Əliyevin sözlərinə görə, fəal iştirakçılar nüfuzlu şirkətlərə işə düzəlmək perspektivi olan praktiki treninqlərdə ödənişsiz iştirak etmək imkanı əldə edəcəklər.

Treninqin iştirakçıları faydalı məlumatlar almaq, xəyallarındakı işi tapmaq, təcrübəli ekspertlərlə tanış olmaq, netvorkinq və digər imkanlar qazanacaqlar.

Telman Əliyev əlavə edib ki, arzu edən hər kəs www.caspianenergy.net/student

linki vasitəsilə online rejimdə “Xəyallarındakı işi tap” mövzusunda motivasiya treninqində qeydiyyatdan keçə bilər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən  Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un banisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

 

Bütün xəbərlər