Mikayıl Cabbarov: Qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb

10:11 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edib. 

Nazir Mikayıl Cabbarov bildirib ki, yanvar-sentyabr aylarında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb.

“Bununla da vergi yığımlarının proqnozu 100,2 faiz icra olunub. Özəl sektordan olan daxilolmalar bütün yığımların 65,7%-ni təşkil edib. Neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb”, - nazir belə deyib.

Onun sözlərinə əsasən, cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.

Yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb.

 

Bütün xəbərlər