Bakı Ali Neft Məktəbi və Meksika Neft İnstitutu tələbə mübadiləsi imkanlarını müzakirə edirlər

15.10.2018,12:34


15 oktyabr, Fineko/abc.az. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini və Səfirin müavini Alberto Aura Qonsales ilə görüş keçirib.

Məktəbin məlumatında deyilir ki,  görüş zamanı BANM ilə Meksika Neft İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edilib.

“Rektor Elmar Qasımov BANM-ın son nailiyyətləri və inkişaf istiqamətləri haqqında məlumat verən rektor qeyd edib ki, Ali Məktəbi bu il bitirən məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə qəbul olublar. BANM-da tədrisin səviyyəsindən danışarkən rektor həmçinin, Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisası və MBA proqramı üzrə tədrisə başladığını söyləyib”, - məlumatda belə deyilir.

Səfir Rodriqo Labardini  bildirib ki, ölkənin neft-qaz sektorunda ən böyük milli tədqiqat və təhsil mərkəzi olan Meksika Neft İnstitutu Ali məktəblə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

“Görüşdə həmçinin Meksika Neft İnstitutu ilə BANM arasında tələbə mübadiləsinin detalları müzakirə edilib. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq həmçinin Meksika Neft Universitetinin zəngin elektron kitabxanasından istifadə üçün  BANM-ın tələbələrinə imkan yaradacaq”, - məlumatda belə deyilir.