Azərbaycan Beynəlxalq Bankı sağlamlaşmadan sonra yeni inkişaf mərhələsinə keçid alır

12:54 - 15.10.2018


15 oktyabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilk 9 ay ərzində aparılan fəaliyyəti üzrə  maliyyə nəticələrini açıqlayıb. Göstəricilər, müsbət tendensiyaları bərpa prosesinin uğurla başa çatdırılması və yeni inkişaf mərhələsinə keçid kimi əks etdirir.

ABB-in məlumatında deyilir ki, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.32 milyard manat, balans kapitalı – 1.28 milyard manat təşkil edib.

“Bu dövrdə bankın kredit portfeli 1.7 milyard manat, fiziki şəxslərin bankdakı depozitlərinin həcmi 1.22 milyard manat olub. Cari ilin ötən dövrü ərzində bank tərəfindən real sektora 200 milyon manata yaxın həcmdə kredit və qarantiyalar verilib”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması ABB-in mənfəətinə də müsbət təsir göstərib. Bank ilin 9 ayını 319 milyon manat mənfəətlə başa vurub. Bu dövrdə bankın faiz gəlirləri – 308 milyon manat təşkil edib. Bankın əməliyyat gəlirləri 87 milyon manat olmaqla qeyri-faiz xərclərini tam qarşılayıb.

“ABB maliyyə bazarında bir sıra yeni layihələrin icrasına başlayıb. İri korporativ müştərilər, kiçik və orta sahibkarlıq subyektləri, fiziki şəxslər də daxil olmaqla müxtəlif müştəri seqmentlərini əhatə edən bu layihələr bankın əsas bazar mövqelərini gücləndirməkdədir”, - məlumatda belə deyilir.

Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Bütün xəbərlər