Ələt-Astara - İran sərhədi yolunun bir hissəsinin tikintisi və Lənkəran-Lerik yolunun yenidən qurulması üçün vəsait ayrılıb

16.10.2018,11:45


16 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Astaraçay çayı  üzərindən körpünün və Ələt-Astara-İran sərhədi yolunun bir hissəsinin inşasına, həmçinin Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına vəsaitlərin ayrılması haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamına əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 3  milyon manat ayrılır.

Prezidentin digər sərəncamına əsasən, Avtomobil Yolları Dövlət Agentliyinə Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına dövlət büdcəsindən 9,2 milyon manat ayrılır.

Uzunluğu 55 km olan avtomobil yolunun yenidən qurulması üçün vəsaitlər 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət  kapital qoyuluşları çərçivəsində ayrılacaq. 

Sərəncamda qeyd edilir ki, avtomobil yolunun yendən qurulması avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirməyə imkan verəcək. Bundan əlavə, ayrılan vəsait bölgədəki güclü yağıntılardan sonra yaranmış sürüşmə və uçqunların təsirini aradan qaldıracaq.