PAŞA Bankın aktivləri ilin sonuna qədər təxminən 5 milyard manata çatdırılacaq

16.10.2018,15:49


16 oktyabr, Fineko/abc.az. PAŞA Bank ilin sonuna qədər aktivlərini 4,7 milyard manata çatdırmağı  planlaşdırır.

Bankın baş maliyyə administratoru Bəhruz Nağıyev mətbuat konfransında bildirib ki, bu göstərici  bankın yalnız Azərbaycanın deyil, eyni zamanda Türkiyə və Gürcüstanın nümayəndəliklərinin (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş) fəaliyyəti hesabına təmin olunacaq.

“Azərbaycanın PAŞA Bankının aktivləri 50-100 milyon manata qədər artırılacaq, kredit portfelinin 1,2 milyard manatdan 1,3 milyard manatadək artırılması planlaşdırılır”, - deyə B.Nağıyev bildirdi.

İyunun 30-na olan məlumata görə, PAŞA Bankın ümumi məcmu kapitalı 14% artaraq 542,821 min manat, ümumi aktivlərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artaraq 4 469 931 min manat, kredit portfeli 24% artaraq 1 566 498 min manat təşkil edib. Xidmət və ticarətdə kreditlərin payı bütün kreditlərin 35%-ni təşkil etmişdir. Aktivlərin gəlirliliyi  ötən ilə nisbətən altı ayda 3,4%-dən 1,8%-dək, kapital gəlirliliyi isə 21,7%-dən 13,9%-dək azalıb. Bankın əməliyyat gəlirləri 10% azalaraq 97.489 min manat təşkil edib.

Bankın xalis mənfəəti 30% azalaraq 35,394 min manat olub ki, bu da valyuta əməliyyatlarında gəlirlərin azaldılması və ölkədə valyuta əməliyyatlarının sabitləşməsi ilə əlaqədardır. İlin əvvəlindən etibarən valyuta əməliyyatlarından əldə edilən gəlirlər 71% azalıb.