UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub

16:44 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. Mektebgushesi.az təhsil portalının Azərbaycanın ali təhsil müəssisələri arasında “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” mövzusu üzrə keçirdiyi sorğunun nəticələri açıqlanıb. Abituriyentlərin universitet seçimi dönəmində təşkil olunan sorğuda, əsasən valideyn və abituriyentlər iştirak edib. Ölkənin 43 ali təhsil müəssisəsinin təmsil olunduğu  sorğunun nəticələri 27.431 respondentin səsverməsinə uyğun müəyyənləşib. “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyası üzrə keçirilən sorğuda UNEC 8311 səslə birinci olub.

Diplomun təqdimolunma mərasimində mektebgushesi.az təhsil portalının təsisçisi və baş redaktoru Məzahir  Məmmədli, təhsil üzrə ekspertlər professor Şahlar Əsgərov və Nadir İsrafilov iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə təhsil ekspertləri universitetdə son illər həyata keçirilən yeniliklərdən bəhs ediblər. UNEC-in qısa zamanda ölkənin ən innovativ ali təhsil müəssisəsinə çevrildiyindən söz açan qonaqlar, bu nailiyyətlərin sorğunun nəticəsində də özünü göstərdiyini xüsusi vurğulayaraq, son 4 ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanların universitet seçimində UNEC-ə üstünlük verməsini yüksək qiymətləndiriblər. Görüşdə M.Məmmədli sorğunun keçirilməsinin əsas məqsədinı açıqlayaraq, səsvermənin monitorinqi, ekspert rəyləri və nəticələr barədə ətraflı məlumat verib.

“Hədəfimiz UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır” deyə bildirən Ə.Muradov bu istiqamətdə atılan addımların davam edəcəyini və qısa zamanda qarşıya qoyulan məqsədə nail olunacağına əminliyini ifadə edib. Rektor təhsilin inkişafına yönəlik sorğuların təşkilinə görə təhsil portalının rəhbərinə və təhsil ekspertlərinə təşəkkürüni bildirib.

Sonra UNEC-in rektoruna “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyalı sorğunun diplomu təqdim olunub.

Bütün xəbərlər