“Türk Hava Yolları” noyabrın 8-dən Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

19.10.2018,12:20


19 oktyabr, Fineko/abc.az. Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti 8 noyabr tarixindən etibarən İstanbulun Yeni Hava Limanından Bakıya və əks istiqamətə endirimli qiymətlərlə uçuşlara start verir.

İstanbul Yeni Hava Limanından (aeroportun kodu – ISL) 8 noyabr 2018-ci il tarixindən etibarən hər gün Bakıya və əks istiqamətə yerinə yetiriləcək uçuşlar üçün tətbiq ediləcək endirimli qiymətlərə əsasən, İstanbul-Bakı-İstanbul istiqamətində aviabiletlərin onlayn satış zamanı qiyməti 82 avrodan (təxminən 164 AZN), Bakı-İstanbul-Bakı istiqamətində isə 109 avrodan (təxminə 218 AZN) başlayır. İstanbuldan Bakıya uçuşlar hər gün saat 09:25-də (Bakıya çatma vaxtı – 13:15), əks istiqamətdə isə 14:10-da (İstanbula çatma vaxtı – 16:30) həyata keçiriləcək. Biletin qiymətinə 30 kq baqaj və 8 kq əl yükü də daxildir.

Qeyd edək ki, İstanbul Yeni Hava Limanına yerinə yetiriləcək uçuşlar hazırda Atatürk və Sabiha Gökçen hava limanlarından Bakıya yerinə yetirilən uçuşlara əlavə olaraq həyata keçiriləcək və bu uçuşlar həmişəki qaydada davam edəcək. Eyni zamanda, bu hava limanlarından yerinə yetirilən digər tranzit reyslərin (Avropa, Asiya, Amerika və s.) cədvəlində də hər hansı bir dəyişiklik yoxdur.

Bildirək ki, endirimli qiymətlərlə biletlər yalnız 29 dekabr 2018-ci il tarixinədək əldə edilə bilər və səyahət sözügedən tarixədək həyata keçirilməlidir.