VTB (Azərbaycan) onlayn rejimdə bank əməliyyatları üzrə tarifləri endirib

15:27 - 24.10.2018


24 oktyabr, Fineko/abc.az. Bank VTB (Azərbaycan) internet və mobil bank vasitəsilə aparılan bir sıra əməliyyatlar üçün tarifləri aşağı salıb. Dollar, avro, İsveçrə frank və funt sterlinq valyutalarının mübadiləsi üzrə komissiya haqqı 0,8%-dən 0,2%-dək endirilib, rus rublu üçün isə tamamilə ləğv edilib. Bundan başqa onlayn kanallar vasitəsilə digər bankdakı hesaba rus rublunda olan vəsaitin köçürülməsi üzrə komissiya 0,15%-ə düşüb.

“Müştərilərimiz arasında onlayn ödənişlər getdikcə populyarlaşır. Bank VTB (Azərbaycan) tərəfindən təklif olunan etibarlı və rahat məsafəli xidmət kanalları istifadəçilərə tez və asan şəkildə bank əməliyyatlarını həyata keçirməyə imkan verir. İndi bu daha sərfəli şərtlərlə mümkündür. Biz gələcəkdə də mobil və internet bankımızın imkanlarını genişləndirmək niyyətindəyik” – deyə, bank VTB (Azərbaycan)-ın pərakəndə biznesin inkişafı departamentinin direktoru DmitriQalaşev bildirib.

Bütün xəbərlər